Meteorologiya (yun. μετέωρος (meteoros) – atmosfer və səma hadisələri, -λογία (logiya) – elm) — Yer atmosferinin xassələrini, quruluşunu və onda gedən fiziki prosesləri öyrənən elm.
Bir sıra ölkələrdə meteorologiyanı dövrümüzdə mühüm əhəmiyyət kəsb etməsinə müvafiq olaraq atmosfer fizikası adlandırırlar.
Planetimizi əhatə edən qazvari təbəqəyə atmosfer deyilir. Atmosferdə fasiləsiz olaraq mürəkkəb fiziki proseslər gedir və bu özünü bizim müşahidə etdiyimiz hava dəyişkənliyində göstərir. Hava şəraiti və onun kəskin dəyişmələri insan fəaliyyətinin müxtəlif sahələrinə təsir göstərir. Buna görə də müxtəlif hava şəraitinin yaranma səbələrini və atmosfer proseslərinin daxili mahiyyətinin öyrənilməsi müasir elmin mühüm sahələrindən biridir.